Son dəqiqə

zəlzələ Venesuela Donald Tramp Delsi Rodriges

Tramp Venesueladakı zəlzələlərlə barədə - İlkin məlumatlar ürəkaçan deyil

BAKI,TurkicWorld Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp Venesuelada baş vermiş güclü zəlzələlərdən sonra açıqlama verərək hadisənin çoxsaylı insan itkisinə səbəb olduğunu bildirib.

Tramp özünün “Truth Social” sosial platformasında paylaşdığı mesajda Venesuelada baş verən iki güclü zəlzələnin nəticələrinin ağır olduğunu qeyd edib. O, açıqlamasında həlak olanların sayı ilə bağlı hər hansı rəsmi rəqəm açıqlamasa da, insan itkisinin ciddi miqyasda olduğunu vurğulayıb.

“Venesuela xalqını vuran iki böyük zəlzələ son dərəcə güclü olub və çox sayda insanın həyatını itirməsinə səbəb olub”, – deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin ABŞ hökumətinin Venesuelaya yardım göstərməyə hazır olduğunu bəyan edib.

“ABŞ kömək etməyə tam hazırdır. Hökumətimizin bütün qurumlarına sürətli fəaliyyət üçün hazırlıq göstərişi vermişəm. Yeni dostlarımızın yanında olacağıq. İlkin məlumatlar ürəkaçan deyil”, – deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Geoloji Araşdırmalar Mərkəzi Venesuelada 39 saniyə fasilə ilə 7,5 və 7,2 bal gücündə iki güclü zəlzələnin qeydə alındığını açıqlamışdı. Hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan olunub, bir sıra bölgələrdə binaların dağıldığı və axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.

Venesuela rəsmiləri indiyədək ölən və yaralananların sayı ilə bağlı rəsmi statistika açıqlamayıblar. Buna görə də zəlzələlərin nəticələri ilə bağlı yekun məlumatların yaxın saatlarda dəqiqləşəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər