BAKI,TurkicWorld,Yusif Şərifzadə
Oman sahilləri yaxınlığında neft tankerində baş verən yanğınla bağlı araşdırmalar davam edir. İlkin məlumata görə, gəmidə olan bütün dənizçilər təhlükəsiz vəziyyətdədir.
TurkicWorld xəbər verir ki, Hindistanın gəmiçilik sahəsinə cavabdeh qurumları Oman sahillərində neft tankerində yanğın baş verdiyini açıqlayıb.
Hindistanın limanlar və gəmiçilik nazirliyinin rəsmisi Opeş Kumar Şarma bildirib ki, hadisə Madaqaskar bayrağı altında üzən “Marivex” tankerində qeydə alınıb.
Onun sözlərinə görə, yanğın zamanı gəmi yük daşımırdı.
Rəsmi şəxs qeyd edib ki, tankerin göyərtəsində olan 24 hindistanlı dənizçinin hamısı təhlükəsiz vəziyyətdədir və onların həyatı üçün təhlükə yoxdur.
Şarma vurğulayıb ki, hadisə ilə bağlı Hindistanın Xarici İşlər Nazirliyi, xaricdəki diplomatik nümayəndəlikləri, Hərbi Dəniz Qüvvələri və digər aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyət həyata keçirilir.
Hadisənin başvermə səbəbi hələlik müəyyən edilməyib. Rəsmilər yanğının səbəblərinin araşdırıldığını və əlavə məlumatların yaxın vaxtlarda açıqlanacağını bildiriblər.







