BAKI,TurkicWorld,Yusif Şərifzadə
Tehrandakı Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Əli Əkbər Dəreyni ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsin faktiki olaraq qüvvəsini itirdiyini iddia edib.
TurkicWorld xəbər verir ki, Dəreyni regionun daha genişmiqyaslı qarşıdurmaya doğru sürükləndiyini və son hadisələrin gərginliyi artırdığını bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfindən atəşkəsin pozulması halları tərəflər arasında qarşıdurma riskini daha da yüksəldir.
“Hazırda atəşkəs yoxdur. Bu anda aşağı intensivlikli müharibə şəraitindəyik”, – deyə tədqiqatçı qeyd edib.
Dəreyni bildirib ki, İranın bölgədə dəniz nəqliyyatı ilə bağlı əsas tələbləri üç istiqaməti əhatə edir. Onun sözlərinə görə, Fars körfəzinə daxil olan və çıxan gəmilər İranın müəyyən etdiyi dəniz marşrutlarından istifadə etməlidir. Bundan başqa, həmin gəmilər göstərilən xidmətlərə görə ödəniş etməli və İranın milli təhlükəsizliyinə təhdid yaradan yüklər daşımamalıdır.
Tədqiqatçı qeyd edib ki, İran bu şərtlər çərçivəsində hər gün onlarla gəminin boğazdan keçməsinə icazə verir. O iddia edib ki, ABŞ bu mexanizmin güclənməsini istəmir və mövcud gərginliyin əsas səbəblərindən biri də budur.
Dəreyni vurğulayıb ki, Tehran atəşkəs pozuntularına cavabsız qalmaq niyyətində deyil və öz mövqeyindən geri çəkilməyəcək.
Onun sözlərinə görə, İranın əsas mövqeyi dəyişməz olaraq qalır və ölkə neft ixracının qarşısının alınmasını qəbul etməyəcək.







