BAKI,TurkicWorld
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Məlumat DTX-nin Mətbuat xidməti tərəfindən açıqlanıb.
TurkicWorld xəbər verir ki, iclasda çıxış edən Əli Nağıyev müasir geosiyasi proseslərin yaratdığı yeni qlobal və regional təhlükəsizlik təhdidlərinə diqqət çəkib. O, davam edən genişmiqyaslı hərbi qarşıdurmaların beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinə ciddi təsir göstərdiyini bildirib.
DTX rəisi vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb edilməsini, eləcə də döyüş bölgələrindən qanunsuz çıxarılan silah-sursat və partlayıcı maddələrin qaçaqmalçılığını təhlükəsizlik mühitinə ciddi təhdidlər sırasında göstərib.
Əli Nağıyev Yaxın Şərqdə davam edən böhranların və strateji boğazların blokadaya alınmasının dünya ticarətinə, enerji təhlükəsizliyinə və qlobal iqtisadiyyata mənfi təsirlərinə də toxunub.
O bildirib ki, mövcud qeyri-müəyyənliklər şəraitində heç bir dövlət baş verən proseslərdən kənarda qala bilməz. DTX rəisi milli təhlükəsizliyin etibarlı təmin edilməsi və müasir çağırışlara ortaq yanaşmanın formalaşdırılması üçün tərəfdaş ölkələrin xüsusi xidmət orqanları arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qazaxıstandakı səfər çərçivəsində regional təhlükəsizliyin təmin edilməsi ayrıca diqqət mərkəzində olub. DTX-nin 16 sentyabr tarixli rəsmi məlumatında da Əli Nağıyevin beynəlxalq terrorçuluq, dini ekstremizm, transmilli cinayətkarlıq, silah və narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və kritik infrastruktura təhdidləri əsas təhlükəsizlik çağırışları sırasında göstərdiyi bildirilir.
Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında dünyadakı mövcud təhlükəsizlik vəziyyəti qiymətləndirilib, regional sabitliyin qorunması istiqamətində atılmalı addımlar müzakirə olunub və yekunda müvafiq məsələləri əhatə edən sənəd imzalanıb.







