BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avstriya Xarici İşlər Nazirliyi İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin illik toplantısında iştirakına icazə verilməməsinin səbəbini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Avstriya tərəfi ev sahibi ölkə kimi Məhəmməd Eslaminin BMT tərəfindən tətbiq edilən mövcud səfər qadağasından müvəqqəti azad olunması üçün BMT Təhlükəsizlik Şurasının müvafiq komitəsinə müraciət etdiyini bildirib.
Nazirliyin açıqlamasına görə, daha sonra BMT Təhlükəsizlik Şurasının sədrindən müraciətin Şura üzvləri arasında razılıq əldə olunmadığı üçün qəbul edilmədiyi barədə məlumat daxil olub.
Avstriya hökuməti bunun nəticəsində ölkənin beynəlxalq öhdəliklərini nəzərə alaraq Məhəmməd Eslaminin ölkəyə girişinə icazə verilməsinin mümkün olmadığını bildirib.
Rəsmi Vyana eyni zamanda İranın nüvə proqramı ilə bağlı danışıqların Avstriya paytaxtında keçirilməsinə şərait yaratmaq istədiyini vurğulayıb.
“Avstriya Vyanada danışıqların mümkün olmasını istəyir. Biz bunu beynəlxalq hüquq və beynəlxalq öhdəliklərimiz əsasında edirik”, – Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.







