BAKI,TurkicWorld
İranın xarici işlər naziri Abbas Əraqçi Pekinə səfəri zamanı ölkəsinin regional gərginliyin diplomatik yollarla aradan qaldırılmasına açıq olduğunu, eyni zamanda milli suverenliyini və hüquqlarını müdafiə etmək mövqeyindən geri çəkilməyəcəyini bildirib. Əraqçi sentyabrın 16-da Çinin xarici işlər naziri Van İ ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Əraqçi İranın münaqişənin davam etməsini istəmədiyini və diplomatik həll yoluna qayıtmağa çalışdığını deyib. O, Tehran rəhbərliyinin region ölkələri ilə dialoq və məsləhətləşmələr aparmağa, mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə və bölgədə sabitliyin bərpasına çalışdığını bildirib.
Çinin xarici işlər naziri Van İ isə İran və ABŞ-ı təmkin nümayiş etdirməyə, danışıqlar mexanizmini bərpa etməyə və fikir ayrılıqlarını məsləhətləşmələr yolu ilə həll etməyə çağırıb. Pekin, həmçinin Hörmüz boğazında təhlükəsiz və maneəsiz gəmiçiliyin mümkün qədər tez bərpasının vacibliyini vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Əraqçi İranın Omanla Hörmüz boğazının açılması ilə bağlı müəyyən həll planı üzərində razılığa gəldiyini də bildirib. Bununla yanaşı, o, ABŞ tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu qeyd edib.
İran və Körfəz ölkələrinin Hörmüz boğazı ilə bağlı Omanda keçirməsi planlaşdırılan regional görüş isə təxirə salınıb. Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi görüşün yeni tarixini açıqlamayıb.







