BAKI,TurkicWorld,Yusif Şərifzadə
Hizbullah Livanın cənubunda yerləşən bir sıra ərazilərdə İsrail qüvvələrinə qarşı hücumlar həyata keçirdiyini iddia edib.
TurkicWorld xəbər verir ki, təşkilat Telegram platformasında yayımladığı açıqlamalarda Zəvtar əl-Şərqiyyə bələdiyyəsi ərazisində İsrail qüvvələrinin pilotsuz uçuş aparatları və raketlərlə hədəf alındığını bildirib.
Qrupun yaydığı məlumata əsasən, Litani çayı yaxınlığında, Nəbatiyyə bölgəsində yerləşən ərazilərdə İsrail ordusuna məxsus “Merkava” tankı və zirehli nəqliyyat vasitəsinin vurulduğu iddia olunur.
İsrail tərəfi isə bu məlumatlarla bağlı hələlik geniş açıqlama verməyib. İsrail ordusu adətən bu tip məlumatları ya qismən təsdiqləyir, ya da hadisələrlə bağlı sonradan mövqe açıqlayır.
Son günlər Livanın cənubunda hərbi əməliyyatların intensivləşdiyi, İsrail ordusunun quru və hava əməliyyatlarını genişləndirdiyi, Hizbullah və İsrail qüvvələri arasında qarşılıqlı hücumların artdığı bildirilir.
Tərəflərin hərbi əməliyyatlarla bağlı yaydığı məlumatlar müstəqil şəkildə tam təsdiqlənməyib.







