BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ və İran arasında hazırlanması bildirilən ilkin və qeyri-rəsmi anlaşma memorandumuna dair yeni detallar açıqlanıb.
TurkicWorld xəbər verir ki, İran mediasında yayılan məlumatlara əsasən, sənəddə ABŞ hərbi qüvvələrinin İranın yaxınlığındakı bölgələrdən çıxarılması və tətbiq olunan dəniz blokadasının aradan qaldırılması ilə bağlı müddəalar yer alır.
Məlumata görə, bunun qarşılığında İran bir ay ərzində kommersiya dəniz daşımalarını müharibədən əvvəlki səviyyəyə qaytarmağa razılıq verib. Bildirilir ki, strateji dəniz marşrutlarında hərəkətin idarə olunması İran və Oman arasında koordinasiya əsasında həyata keçiriləcək.
Yayılan məlumatlarda diqqət çəkən əsas məqamlardan biri ABŞ-ın İran ətrafındakı hərbi qüvvələrinin geri çəkilməsi məsələsi olub. Lakin bunun Körfəz bölgəsində yerləşən hərbi qüvvələri və ya müxtəlif bazalarda yerləşdirilən kontingenti əhatə edib-etmədiyi ilə bağlı əlavə danışıqların aparılacağı qeyd edilir.
Məlumatda həmçinin bildirilir ki, tərəflər arasında yekun razılaşmanın 60 gün ərzində əldə olunması və sənədin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən məcburi qətnamə formasında rəsmiləşdirilməsi nəzərdə tutulur.
Bununla belə, vurğulanır ki, sənəd hələlik rəsmi status daşımır və İran tərəfi hər hansı yekun addımdan əvvəl ABŞ tərəfindən təqdim ediləcək “yoxlanıla bilən təminatlar” tələb edir.







