BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran rəsmilərinin son açıqlamaları Tehranın hazırkı mərhələdə diplomatik gündəlikdə prioritetlərini dəyişdiyini göstərir. Rəsmi açıqlamaya görə, diqqət nüvə proqramından daha çox regional münaqişələrin dayandırılmasına yönəldilib.
TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai hazırkı mərhələdə danışıqların əsas məqsədinin müxtəlif cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılması olduğunu bildirib.
İranın dövlət xəbər agentliyinin yaydığı məlumata əsasən, Bəqai çıxışı zamanı nüvə məsələsinin hazırda əsas müzakirə mövzusu olmayacağını vurğulayıb.
O bildirib: “Biz bu mərhələdə nüvə məsələsinin detallarını müzakirə etməyəcəyik.”
Bəqai əlavə edib ki, nüvə proqramının yenidən müzakirəyə çıxarılıb-çıxarılmayacağı və bunun 30 və ya 60 gün ərzində baş verib-verməyəcəyi sonrakı mərhələlərdə müəyyən ediləcək məsələdir.
Analitiklər hesab edirlər ki, İranın hazırkı yanaşması regionda artan təhlükəsizlik riskləri və hərbi gərginlik fonunda diplomatik gündəliyin dəyişdirilməsi kimi qiymətləndirilə bilər.





