BAKI,TurkicWorld, Nailə Babazadə
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin beynəlxalq arenada üzləşdiyi hərbi siyasi təzyiqlər və daxili çətinliklər barədə xalqa mühüm müraciət ünvanlayıb.
TurkicWorld xəbər verir ki, dövlət başçısı Tehranın dəyişən xarici mühiti və gələcək risklər barədə danışarkən İranın hazırda çoxşaxəli təhdidlərlə mübarizə apardığını qeyd edib.
Pezeşkian xüsusi olaraq vurğulayıb ki keçmiş dövrlərdə ölkə konkret və müəyyən bir rəqiblə mübarizə aparırdısa bu gün rəsmi Tehran bir qrup böyük güclə üz üzə qalıb. Prezident gələcəkdə gözlənilən proseslərin daha mürəkkəb çağırışlara yol açacağını və bu çətinliklərin öhdəsindən hökumətin təkbaşına gəlməsinin mümkün olmadığını açıq şəkildə ifadə edib.
Müraciətdə xalqın iştirakı və dəstəyi sınaqlardan uğurla keçmək üçün ən mühüm şərt kimi göstərilib. Məsud Pezeşkianın bu bəyanatı xüsusən dəniz mühasirəsi və iqtisadi sanksiyaların ağırlaşdığı bir vaxtda hakimiyyətin daxili sabitliyi qorumaq üçün cəmiyyətdən həmrəylik istəməsi kimi qiymətləndirilir. Prezidentin bu çıxışı həmçinin İranın qarşısındakı qüvvələrin artıq yalnız regional rəqiblərdən ibarət olmadığının rəsmi etirafı kimi diqqət çəkir.







