BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ-ın İran ətrafında genişmiqyaslı hərbi mövcudluğu və paralel informasiya fəaliyyəti regionda gərginliyi yeni mərhələyə keçirir.
TurkicWorld xəbər verir ki, 15–20 aprel tarixləri arasında Vaşinqton İran ətrafında geniş dəniz və hava qüvvələri yerləşdirməklə yanaşı, Mərkəzi Komandanlığın “X” platforması üzərindən intensiv informasiya kampaniyası həyata keçirib.
Məlumata görə, ABŞ hərbi qüvvələrinin Ərəb dənizi, Oman körfəzi və Hörmüz boğazında aktiv fəaliyyəti müşahidə olunur. Regionda aviadaşıyıcı gəmilər, raket esminesləri, desant gəmiləri və helikopterlərdən ibarət kompleks əməliyyat sistemi qurulub. Bu hərbi mövcudluq yalnız fiziki nəzarət deyil, həm də psixoloji təsir vasitəsi kimi qiymətləndirilir.
Ekspertlər qeyd edir ki, ABŞ-ın bu addımı klassik sanksiya mexanizmlərindən daha sərt təzyiq alətinə keçid kimi dəyərləndirilə bilər. Məqsəd İranın iqtisadi imkanlarını məhdudlaşdırmaq və potensial hərbi qarşıdurmadan əvvəl strateji üstünlük əldə etməkdir.
Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığının sosial şəbəkələrdə fəaliyyəti diqqət çəkir. Qısa müddətdə on minlərlə paylaşımın yayıldığı bildirilir. Bu paylaşımlar milyonlarla baxış toplayaraq geniş auditoriyaya çatıb. Lakin təhlillər göstərir ki, paylaşımların böyük hissəsi yenidən paylaşım xarakteri daşıyır və bu, daha çox informasiya təsirinin gücləndirilməsinə xidmət edir.
Hərbi ekspertlər bildirir ki, ABŞ-ın istifadə etdiyi “tam nəzarət” və “sıfır pozuntu” kimi ifadələr birbaşa psixoloji təsir vasitəsidir və potensial rəqibə mesaj ötürmək məqsədi daşıyır. Bu yanaşma “psixoloji müharibə” elementləri ilə müşayiət olunur.
Bununla yanaşı, ABŞ tərəfi dəniz blokadasının İranın iqtisadi fəaliyyətinə ciddi təsir göstərdiyini iddia edir. Rəsmi açıqlamalarda İranla bağlı dəniz ticarətinin tam dayandırıldığı vurğulanır. Lakin müstəqil mənbələr bu iddiaları tam təsdiqləmir və real təsir səviyyəsi ilə bağlı suallar qalır.
Analitiklər hesab edir ki, ABŞ bu prosesi yalnız hərbi əməliyyat kimi deyil, həm də hüquqi və informasiya müstəvisində əsaslandırmağa çalışır. “Naviqasiya azadlığı” kimi terminlərin istifadəsi blokadanın beynəlxalq hüquq çərçivəsində təqdim olunmasına xidmət edir.
Ekspertlərin fikrincə, mövcud vəziyyət təkcə hərbi qarşıdurma deyil, həm də narrativlərin mübarizəsi kimi xarakterizə olunur. İran tərəfindən isə bu prosesə dair genişmiqyaslı cavab reaksiyasının olmaması diqqət çəkir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın danışıqlara qayıtmasına ümid etdiyini bildirib. Eyni zamanda, danışıqlardan imtinanın ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. İran tərəfinin isə danışıqlara başlamaq üçün ilkin razılıq verdiyi bildirilir.







