BAKI,TurkicWorld, Nailə Babazadə
İran Prezidenti Məsud Pezeşkian Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ-İran müzakirələrinə dair mühüm açıqlamalar verib. Prezident İslamabaddakı diplomatik prosesin gedişatından asılı olmayaraq, ölkə daxilində xidmətlərin fasiləsiz davam edəcəyini vurğulayıb.
Pezeşkian hazırda Pakistanda olan yüksək səviyyəli İran nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirib: "Pakistandakı heyətimiz bütün varlığı ilə İranın maraqlarını qoruyur və bu istiqamətdə cəsurca danışıqlar aparır". O bildirib ki, diplomatik komanda Tehranın milli təhlükəsizlik və iqtisadi maraqlarından geri addım atmadan müzakirələri davam etdirir.
Prezident xarici siyasətdəki gərginliyin daxili idarəçiliyə təsir etməsinə icazə verməyəcəklərini qeyd edib: "Hər bir vəziyyətdə xalqımıza xidmətimiz bir an belə dayanmayacaq. Danışıqlardan hansı nəticənin çıxmasından asılı olmayaraq, hökumət öz xalqının yanında olmağa davam edəcək".
Bu bəyanatlar İslamabadda sülh ümidlərinin artdığı, eyni zamanda tərəflərin öz strateji mövqelərini qoruduğu bir vaxtda İranın daxili ictimaiyyətinə ünvanlanmış güvən mesajı kimi qiymətləndirilir.






