BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə atəşkəs çərçivəsi razılaşdırılsa da, "dərhal atəşkəs" elanı ilə yerlərdəki real hərbi toqquşmalar arasında kəskin ziddiyyət yaranıb.
TurkicWorld xəbər verir ki, aprelin 8-nə keçən gecə Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Hörmüz boğazının açılması və iki həftə ərzində İslamabadda danışıqların başlaması nəzərdə tutulur. Lakin rəsmi bəyanatlar atəşkəsin nə vaxt və hansı şərtlərlə başlayacağı ilə bağlı ciddi suallar doğurur.
Vaşinqton və Tehranın rəsmi mövqeləri göstərir ki, atəşkəs hələlik "vaxt deyil, şərt" məsələsidir:
Prezident Donald Tramp İran üzərindəki bombardmanları 2 həftəlik dayandırmağa razılıq verib, lakin bunu İranın Hörmüz boğazını "tam, dərhal və təhlükəsiz" şəkildə açması şərtinə bağlayıb. Ağ Evdən verilən məlumata görə, atəşkəs yalnız boğaz açıldıqdan sonra qüvvəyə minəcək.
Xarici işlər naziri Abbas Əraqçi boğazda təhlükəsiz dəhliz yaratmağa razı olduqlarını, lakin bunun yalnız "hücumlar dayandırıldığı təqdirdə" mümkün olacağını bildirib.
Pakistanın Baş naziri Şahbaz Şərif atəşkəsin Livan da daxil olmaqla "hər yerdə dərhal" qüvvəyə mindiyini elan etsə də, hadisələrin gedişatı fərqli mənzərə yaradır.







