Son dəqiqə

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu

Qazaxıstanın görkəmli mədəniyyət xadimi Axmet Jubanovun Yubileyi Almatıda Beynəlxalq səviyyədə qeyd olunub

BAKI.TurkicWorld

29 aprel 2026-cı il tarixində Almatı şəhərindəki "Auezov Evi" Elmi-Mədəni Mərkəzində görkəmli bəstəkar, dirijor, musiqi dünyasının ilk akademiki və Qazaxıstan SSR Elmlər Akademiyasının yaradıcılarından biri Axmet Jubanovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş "Axmet Jubanov və müasir musiqişünaslıq elmi" mövzusunda beynəlxalq elmi-praktik konfrans baş tutub.

TurkicWorld xəbər verir ki, tədbir M.O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu tərəfindən Türk Mədəniyyəti və İrsi Fondu, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi , Mədəniyyət və İnformasiya Nazirliyi , Qazaxıstan Respublikası Prezidenti yanında Milli Elmlər Akademiyası, T. Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasının dəstəyi ilə həyata keçirilib.

Konfrans həm elmi, həm də mədəni dairələrin geniş nümayəndə heyətini bir araya gətirib. Konfransın rəsmi açılış hissəsində Qazaxıstanın dövlət rəsmilərinin təbrik məktubları səsləndirilib. Qazaxıstan Respublikası Baş nazirinin müavini, Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, Elm və Ali Təhsil naziri Sayasat Nurbek, eləcə də Milli Elmlər Akademiyasının prezidenti Akılbek Kurişbayev konfrans iştirakçılarına öz müraciətlərini ünvanlayıblar.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova fəxri qonaq qismində çıxış edərək, bəstəkarın irsini təkcə qazax xalqının deyil, bütün türk dünyasının ortaq mənəvi sərvəti kimi qiymətləndirib. Fondun prezidenti, özünün də Qazaxıstanın görkəmli bəstəkarı Qazizə Jubanovanın tələbəsi olmaqdan qürur duyduğunu və bu ustad-şagird bağlılığının onun yaradıcılıq yolunda kompass olduğunu vurğulayıb. O, Axmet Jubanovun qazax peşəkar musiqisinin təməlini qoymaqla yanaşı, türk xalqlarının mədəni varisliyini dərindən hiss edən və bu ortaq yaddaşı gələcək nəsillərə ötürən dahi bir şəxsiyyət olduğunu qeyd edib.

Həmçinin, açılış mərasimində M.O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktoru Kenjexan Matıjanov, Kurmanqazı adına Qazax Milli Xalq Alətləri Orkestrinin direktoru Medet Kuanışev, Kurmanqazı adına Qazax Milli Konservatoriyasının rektoru Qauhar Tasbergenova və Temirbek Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasının rektoru Arman Judebayev çıxış edərək yubiley münasibətilə öz xoş arzularını bildiriblər.

Plenar iclas çərçivəsində Axmet Jubanovun elmi və bəstəkarlıq fəaliyyətinə dair müxtəlif məruzələr dinlənilib, həmçinin alimin irsinə həsr olunmuş yeni kitabların təqdimatı keçirilib.

«Өскен өнер» adlı xüsusi konsert proqramı ilə davam edən tədbirdə sənətkarın "Abay" operasından ariyalar və digər klassik əsərlər ifa olunub.

Beynəlxalq konfransda Azərbaycan, Qırğızıstan, Özbəkistandan və Rusiyadan olan mütəxəssislərin iştirakı, Jubanov irsinin müasir sənətşünaslıqdakı rolunun geniş coğrafiyada müzakirəsinə imkan yaradıb.

Mövzuya görə xəbərlər