BAKI. TurkicWorld:
ABŞ, İsrail və İran arasında müharibə dövründə qəbul imkanlarını artırdığına görə Azərbaycanın əməkdaşlığı alqışalayiqdir.
TurkicWorld-un məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini və Gömrük Administrasiyasının baş direktoru Forud Əsgəri Biləsuvar sərhəd gömrüyü ilə yaxından tanış olduqdan sonra açıqlamasında deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında sərhəd əməkdaşlığı uyğun səviyyədədir. Müharibə dövründə sərhəd-keçid məntəqələrində heç bir problem qeydə alınmayıb. Üstəlik qonşu ölkələr çox yaxşı əməkdaşlıq ediblər.
Əsgəri bildirib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində ixrac, idxal və tranzit keçidlərinin artırılması planlaşdırılır. Belə ki, Orta Asiya ölkələrinə yaxınlığına görə, bu sərhəd-gömrük məntəqəsinin Baş İdarəyə çevrilməsi qərara alınıb və onun büdcəsi təmin olunacaq.
"Biləsuvar sərhəd-keçid məntəqəsinə lazımi səlahiyyətlər verilib ki, məhsulların buraxılmasının sadələşdirilməsi və iş adamlarının razılığını qazanmaq üçün lazımi addımlar ata bilsin. Bu addımların Ərdəbil-Biləsuvar Azad Ticarət Zonasının ölkənin daha aktiv azad ticarət zonalarından birinə çevrilməsinə səbəb olacağı gözlənilir. İran bu gömrük məntəqəsinin ölkənin istehsal sahəsində xammalın təmin olunması və hətta zəruri məhsulların idxalında aktiv olacağına ümid edir", -deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.







