Son dəqiqə

Fələstin İsrail Ərəb Liqası Benyamin Netanyahu Ərəb Dövlətləri Liqası İtamar Ben Qvir Qüds

Ərəb Liqasından dünyaya çağırış - İsrailin edam qanunu hərbi cinayətdir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Ərəb Dövlətləri Liqası İsrail parlamentində (Knesset) qəbul edilən və fələstinli məhbuslar üçün edam cəzasını nəzərdə tutan yeni qanunla bağlı beynəlxalq araşdırma başladılması üçün dünyaya müraciət edib.

TurkicWorld xəbər verir ki, Ərəb Liqası Şurasının Qahirədə keçirilən fövqəladə iclasından sonra yayılan bəyanatda bu qanun layihəsinin "hərbi cinayət" təşkil etdiyi və aparteid sistemini gücləndirdiyi vurğulanıb.

İclasda Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edilərək, fələstinli məhbuslara edam cəzası nəzərdə tutan bu qanunun qəbulunda iştirak edən İsrail rəsmilərinin dərhal mühakimə olunması tələb edilib. Eyni zamanda, BMT-nin İnsan Hüquqları Şurasına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə səslənilərək, İsrail həbsxanalarında fələstinlilərə qarşı tətbiq edilən işgəncə, aclıq və qeyri-insani rəftarın araşdırılması üçün həbs mərkəzlərinə maneəsiz girişin təmin olunması istənilib.

Ərəb Liqası həmçinin İsrail parlamentinin Parlamentlərarası İttifaqdakı üzvlüyünün dayandırılması və beynəlxalq hüquqa zidd qanunlar çıxaran Knesset üzvlərinə qarşı sanksiyaların tətbiq edilməsi üçün milli parlamentlərə çağırış edib. Xatırladaq ki, İrana hücumların kölgəsində qəbul edilən yeni qanun, İsrail hərbi məhkəmələrinə işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı edam hökmü çıxarmaq səlahiyyəti verir və bu hökmlərin apellyasiya və ya əfv yolu ilə ləğvini qadağan edir.

Məlumata görə, İsrail Ali Məhkəməsi "Adalah" hüquq mərkəzinin müraciəti əsasında sözügedən edam qanununun icrasına mayın 24-dək müvəqqəti məhdudiyyət qoyub.

Mövzuya görə xəbərlər