Son dəqiqə

İsrail Beynəlxalq Cinayət Məhkəməsi Yoav Qalant Benyamin Netanyahu İsrail cinayətləri Beynəlxalq Cinayət Məhkəməsinin İsrail rəhbərliyinə qarşı qərarları Kərim Xan

Beynəlxalq Cinayət Məhkəməsi prokuror Kərim Xanla bağlı intizam icraatını davam etdirir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətləri baş prokuror Kərim Xana qarşı irəli sürülən cinsi zorakılıq ittihamları ilə bağlı intizam tədbirlərinin davam etdirilməsinə qərar veriblər.

TurkicWorld xəbər verir ki, çərşənbə günü keçirilən səsvermə məsələ ilə bağlı hazırlanmış iki fərqli hesabatın nəticələri nəzərə alınmaqla baş tutub.

Məlumata görə, Birləşmiş Millətlər Təşkilatının müstəntiqləri tərəfindən hazırlanan birinci hesabatda Kərim Xanın köməkçilərindən birinin irəli sürdüyü iddiaların şahid ifadələri ilə dəstəkləndiyi və faktiki əsaslarının olduğu qeyd edilib. Bunun əksinə olaraq, məhkəmə tərəfindən təyin edilmiş üç hakimdən ibarət komissiyanın hazırladığı ikinci hesabatda sübutların ittihamları şübhəsiz təsdiq etmək üçün yetərli olmadığı bildirilib. Kərim Xanın vəkilləri isə hakimlər komissiyasının yekdilliklə hər hansı bir vəzifə pozuntusunun aşkar edilmədiyi qənaətinə gəldiyini vurğulayırlar.

Beynəlxalq ictimaiyyətdə bu ittihamların məhz prokurorun İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın həbsinə dair order hazırladığı dövrə təsadüf etməsi ciddi şübhələr yaradıb. Bir sıra Afrika ölkələri hesabatların prokuroru bəraət etdirdiyini və icraatın dayandırılmasını tələb etsələr də, məhkəmənin ən böyük donorları olan İtaliya və Yaponiya intizam prosesinin davam etdirilməsinin lehinə səs veriblər. Hazırda səlahiyyətlərindən müvəqqəti uzaqlaşan Kərim Xan isə özünə qarşı yönəlmiş bütün ittihamları qəti şəkildə rədd edir.

Mövzuya görə xəbərlər