BAKI, TurkicWorld, Orxan Qədirzadə
Husilərin İnformasiya nazirinin müavini Məhəmməd Mənsur bildirib ki, əgər münaqişənin miqyası genişlənərsə və ya Körfəz ölkələri birbaşa hərbi əməliyyatlara qoşularsa, Babülməndəb boğazı tamamilə qapadılacaq.
Ərəbistan yarımadası ilə Afrika buynuzu arasında yerləşən bu boğaz Süveyş kanalı vasitəsilə Avropa və Asiya arasındakı ən qısa dəniz yolunun qapısı hesab olunur. Boğazın bağlanması qlobal iqtisadiyyat üçün fəlakətli nəticələrə yol aça bilər:
Boğazdan hər gün təxminən 5 milyon barel neft (qlobal neft ticarətinin 12%-i) və dünya LNG ticarətinin 8%-i keçir.
Dünyadakı bütün dəniz ticarətinin dörddə biri bu marşrutdan istifadə edir.
Artıq faktiki olaraq qapalı olan Hürmüz boğazından sonra Babülməndəb də bağlansa, qlobal enerji arzı "can damarını" itirmiş olacaq.
Analitiklər xəbərdarlıq edirlər ki, Babülməndəb boğazının qapadılması 2021-ci ildə Süveyş kanalında baş vermiş "Ever Given" gəmi qəzasından daha ağır fəsadlar doğuracaq. O zaman kanalın bir həftəlik blokadası qlobal tədarük zəncirini pozaraq milyardlarla dollar zərərə və qiymət artımına səbəb olmuşdu. İndiki vəziyyətdə isə hərbi müdaxilə və boğazın qeyri-müəyyən müddətə bağlanması qlobal inflyasiyanı idarəolunmaz həddə çatdıra bilər.
Husilərin bəyanatı xüsusilə Səudiyyə Ərəbistanı üçün ciddi təhdiddir. Belə ki, Riyad Hörmüz boğazındakı risklər səbəbindən neft ixracının böyük hissəsini quru boru kəmərləri ilə Yanbu limanına (Qırmızı dəniz sahili) yönəldib və oradan gəmilərlə Babülməndəb vasitəsilə dünya bazarına çıxarır. Boğazın bağlanması bu alternativ marşrutu da mənasız edəcək.







