ABŞ Kanada

Kanada müdafiə sənayesində ABŞ-dan asılılığı minimuma endirməyi hədəfləyir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Kanada Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cenni Karinyan ölkəsinin müdafiə planlarında "dərin transformasiyalar" həyata keçirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Karinyan AFP-yə verdiyi müsahibədə bildirib ki, strateji və iqlim dəyişiklikləri Kanadanın təhlükəsizlik konsepsiyasını yenidən nəzərdən keçirməyi məcburi edib.

Uzun illər boyu üç okean və Arktika buzları ilə qorunan Kanada, bu gün fərqli reallıqla üz-üzədir. Karinyan vurğulayıb ki, Şimal qütbündə istiləşmə qlobal ortalamadan 3-4 dəfə sürətlə baş verir. Buzların əriməsi həm təbii resurslara (yanacaq, minerallar, balıq ehtiyatları) çıxışı asanlaşdırır, həm də yeni naviqasiya marşrutları açır. Bu isə bölgəyə olan beynəlxalq marağı və potensial təhlükəsizlik risklərini artırır.

"Coğrafi mövqeyimiz artıq bizi keçmişdə olduğu kimi qorumur. Arktikada suverenliyimizi təmin etmək üçün infrastrukturun modernləşdirilməsi, avadanlıqların öncədən yerləşdirilməsi və hərbi manevrlərin intensivləşdirilməsi strateji zərurətdir", - deyə Karinyan bildirib.

Kanada həmçinin müdafiə təchizat zəncirini yenidən quraraq ABŞ-dan asılılığı minimuma endirməyi hədəfləyir. Bu məqsədlə yerli müdafiə sənayesini gücləndirəcək xüsusi investisiya agentliyi yaradılır. Karinyan qeyd edib ki, Kanada bu il müdafiə xərclərini ÜDM-in 2%-i səviyyəsinə çatdıraraq NATO-nun hədəfinə nail olub. Lakin bu transformasiyanın uğurlu olması üçün növbəti 10-15 il ərzində sabit investisiyalar tələb olunur.

Yeni müdafiə sənayesi strategiyasına əsasən, Kanada növbəti 10 il ərzində müdafiə sektoruna təxminən 500 milyard dollar investisiya qoymağı planlaşdırır. Bu vəsait həm ordunun texniki təchizatına, həm də Arktika bölgəsindəki hərbi mövcudluğun möhkəmləndirilməsinə yönəldiləcək.

Xatırladaq ki, Cenni Karinyan 2024-cü ilin iyulunda bu vəzifəyə təyin olunaraq, G7 ölkələri arasında Baş Qərargah rəisi postunu tutan ilk qadın hərbçi kimi tarixə düşüb.

Mövzuya görə xəbərlər