BAKI,TurkicWorld
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 182,009 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 10,751 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 282,587 milyon min kVt/saat və ya 2,5 dəfə, dəyər ifadəsi ilə isə 15,8 milyon ABŞ dolları, yaxud 2,5 dəfə azalıb.
Eyni zamanda, 2026-cı ilin ilk altı ayında Azərbaycan Gürcüstandan 3,027 milyon ABŞ dolları dəyərində, 46,568 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,673 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm ifadəsində isə 25,744 milyon kVt/saat və ya 2,2 dəfə çoxdur.
Ümumilikdə isə 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 8 ölkəyə 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 436,466 milyon ABŞ dolları və ya 9,6% az, həcm baxımından isə 65,848 milyon kubmetr və ya 0,5% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk altı ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 13,001 milyon ABŞ dolları dəyərində 193,187 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 31,980 milyon ABŞ dolları dəyərində 208,246 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,979 milyon ABŞ dolları və ya 59,3%, həcm baxımından isə 12,059 milyon kubmetr və yaxud 5,9% azalıb.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı iki ölkənin iqtisadi münasibətlərinin əsas istiqamətlərindən biri hesab olunur.
Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze də regional enerji əməkdaşlığının strateji əhəmiyyətini vurğulayıb.
"Belə əməkdaşlıq formatları ölkələrə xarici şokların təsirini daha effektiv şəkildə aradan qaldırmağa, müstəqil qərar qəbul etmə qabiliyyətini qorumağa və enerji təhlükəsizliyini möhkəmləndirməyə imkan verir. Gürcüstan üçün prioritet istiqamət enerji təhlükəsizliyinin gücləndirilməsidir və bu, təkbaşına təmin oluna bilməz, o cümlədən Azərbaycan da daxil olmaqla qonşu dövlətlərlə sıx əməkdaşlıq tələb edir", – deyə o bildirib.
Pxaladzenin sözlərinə görə, Gürcüstan və Azərbaycan xüsusilə qış dövründə təbii qaz və elektrik enerjisi təchizatı sahəsində uzunillik tərəfdaşlardır və Tbilisi Azərbaycan, Rumıniya və digər Avropa ölkələri ilə Cənubi Qafqazla Avropa arasında enerji bağlantılarının inkişafına yönəlmiş regional təşəbbüslərdə fəal iştirak edir.







