Son dəqiqə

Azərbaycan Hürriyet qəzeti

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə keçirildi

BAKI,TurkicWorld

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesi iş üzrə zərərçəkən qismində tanınanların nümayəndələrinin ifadəsi ilə davam edib.

"Azərlotereya"nın bölmə müdiri E.F bildirib ki, 2022-ci ildən təmsil etdiyi qurumla bağlı "Hüriyyət Tv"də həqiqətə uyğun olmayan məlumatlar gedib.

"Azərsun" Holding-in hüquqşünası N.N bildirib ki, 2025-ci ilin yanvarında Holdinqin rəhbəri vəfat edəndən sonra "Hürriyyət"də onlar barəsində rüsvayedici yazılar daha da çoxalmağa başlayıb.

Daha sonra müdafiə tərəfinin vəkili məhkəməyə vəsatət verərək, təqsirləndirilən şəxs Vüqar Məmmədovun səhhətinin nəzərə alınaraq ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını bildirib.

Növbəti proses oktyabrın 14-nə təyin olunub.

Xatırladaq ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Mövzuya görə xəbərlər