Çin Xalq Respublikası Pakistan Məhəmməd İshaq Dar Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Mao Ninq

Çin və Pakistan beynəlxalq birliyi sülh təşəbbüsünə qoşulmağa çağırıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Çin və Pakistan beynəlxalq birliyi Yaxın Şərqdə davam edən hərbi gərginliyi zəiflətmək məqsədilə hazırladıqları birgə sülh təşəbbüsünə qoşulmağa çağırıb.

TurkicWorld xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, İrandakı müharibə qlobal enerji təchizatını və ticarətini iflic edərək dünya iqtisadiyyatını ciddi təhlükə altına qoyub.

Çin Xarici İşlər naziri Van İ və Pakistanın Baş nazirinin müavini, Xarici İşlər naziri İshaq Darın Pekində keçirilən görüşündən sonra irəli sürülən bu təşəbbüs beş əsas hədəfi əhatə edir:

Dərhal atəşkəsin elan olunması;

Sülh danışıqlarının başladılması;

Mülki və kommersiya infrastrukturunun, xüsusilə dəniz ticarət yollarının qorunması;

BMT Nizamnaməsinə ciddi riayət edilməsi;

İranın və Körfəz ölkələrinin suverenliyinin və ərazi bütövlüyünün qorunması.

Fevralın 28-də ABŞ və İsrailin İrana zərbələri ilə başlayan müharibə Tehranın Hörmüz boğazını bağlamaq qərarından sonra qlobal enerji bazarlarını sarsıdıb. Mao Ninq vurğulayıb ki, münaqişənin "yan təsirləri" artıq həm regional, həm də qlobal sabitliyə ağır zərbə vurur. O, Çin və Pakistanın "Qlobal Cənub"un vacib ölkələri kimi bu gərginliyi azaltmaq üçün rasional və ədalətli mövqe nümayiş etdirdiyini qeyd edib.

Çin tərəfi bu təşəbbüsün bütün ölkələr və beynəlxalq təşkilatlar üçün açıq olduğunu bəyan edib. Rəsmi Pekin münaqişə tərəfləri ilə sıx təmasda qalaraq hərbi əməliyyatların dayandırılması üçün konstruktiv rol oynamağa davam edəcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər