Son dəqiqə

İsrail İran ABŞ Raket hücumu CENTCOM

ABŞ və İsrail İranda 16 mindən çox hədəfi vurduğunu açıqladı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və İsrail ordusu fevralın 28-dən başlayan genişmiqyaslı hərbi əməliyyatların 34-cü günündə İran daxilindəki hədəflərə endirilən zərbələrin statistikasını açıqlayıb. Verilən rəsmi məlumatlara görə, koalisiya qüvvələri indiyədək İranın hərbi və strateji infrastrukturuna aid 16 mindən çox obyekti hədəf alıb.

TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bu gün yaydığı bəyanatda müharibə başlayandan bəri İranda 12 300-dən çox hədəfin vurulduğunu bildirib. Əməliyyatlar nəticəsində İrana məxsus 155-dən çox gəmi sıradan çıxarılıb və ya tamamilə məhv edilib. ABŞ qüvvələrinin əsas prioriteti Tehran rejiminin təhlükəsizlik aparatını dağıtmaq və "təcili təhdid" təşkil edən hərbi obyektləri sıradan çıxarmaqdır.

ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində strateji hədəflərin tamamlanmaq üzrə olduğunu vurğulayaraq, İran Hərbi Dəniz Qüvvələrinin tamamilə, Hərbi Hava Qüvvələrinin isə böyük ölçüdə məhv edildiyini elan edib.

İsrail ordusu isə öz növbəsində İran ərazisində 4 000-dən çox hədəfə 800-dən çox hava hücumu təşkil etdiyini bildirib. Bu hücumlarda 16 minə yaxın müxtəlif növ döyüş sursatından istifadə olunub. İsrail tərəfinin iddiasına görə, əməliyyatlar nəticəsində 2 mindən çox İran əsgəri və yüksək rütbəli komandiri öldürülüb.

Döyüş meydanındakı "qəti qələbə" bəyanatlarına rəğmən, beynəlxalq mediada ABŞ-ın öz itkilərini gizlətdiyinə dair iddialar gündəmə gəlib. Ekspertlərin təhlilinə görə, 2023-cü ilin oktyabrından bəri Yaxın Şərqdə 750-yə yaxın ABŞ hərbçisi həlak olub və ya yaralanıb. İddia edilir ki, ABŞ müdafiə naziri Pit Heqset və Ağ Ev administrasiyası müharibənin gedişatına mənfi təsir göstərməmək üçün real itki rəqəmlərini ictimaiyyətdən gizli saxlayır.

Mövzuya görə xəbərlər