Son dəqiqə

İran ABŞ Donald Tramp

Tramp daxili siyasi təzyiqlərin artdığı bir vaxtda xalqa müraciət edəcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp bu axşam İran müharibəsi ilə bağlı xalqa müraciət etməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, bu, münaqişənin başlamasından bəri prezidentin "praym-taym" (ən çox izlənilən vaxt) zamanı edəcəyi ilk çıxışıdır. Müraciət ölkədə prezidentin reytinqinin düşdüyü və iqtisadi narahatlığın artdığı bir dövrə təsadüf edir.

Ağ Ev müraciətin təfərrüatları barədə məlumat verməsə də, bu çıxış Trampın İranın hərbi əməliyyatlarda fasilə istədiyi barədə iddialarından bir neçə saat sonraya planlaşdırılıb. Prezident bu iddialarla yanaşı, müharibənin gedişatında qeyri-müəyyənliyi daha da dərinləşdirən bir sıra şərtlər də irəli sürüb.

Prezidentin çıxışı yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə cümə axşamı səhər saat 05:00) baş tutacaq. ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından bir aydan çox vaxt keçdikdən sonra edilən bu müraciət, adətən böyük münaqişələrin əvvəlində xalqa müraciət edən prezidentlərin ənənəvi davranışından fərqlənir.

Son rəy sorğuları Trampın daxili siyasi vəziyyətinin pisləşdiyini göstərir. Trampın fəaliyyətini bəyənənlərin nisbəti isə 40 faizdən aşağı düşüb. Seçicilərin 50 faizindən çoxu prezidentin siyasətindən narazıdır. Onlar həm müharibədən, həm də onun iqtisadi fəsadlarından narahat olduqları üçün Trampdan üz döndərirlər.

İran kampaniyasına olan ictimai dəstək də kəskin şəkildə aşağı düşüb. Sorğular göstərir ki, əhalinin əksəriyyəti hərbi hücumlara qarşıdır və xüsusilə müstəqil seçicilər bu məsələdə kəskin şəkildə mənfi mövqe nümayiş etdirirlər. Trampın bu axşamkı çıxışı həm də müharibəyə olan daxili dəstəyi bərpa etmək və iqtisadi qayğıları sakitləşdirmək cəhdi kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər