Son dəqiqə

ABŞ Vatikan Xristian Katoliklər ABŞ-nin vitse-prezidenti Cey Di Vens

ABŞ vitse-prezidenti katolik inancı haqqında yeni kitab nəşr etdirəcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens (JD Vance) katolik inancından bəhs edən yeni kitabını oxuculara təqdim etməyə hazırlaşır. Bu barədə məlumat verən vitse-prezident "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, uzun müddətdir üzərində işlədiyi bu əsər iyun ayında satışa çıxarılacaq.

41 yaşlı Vensin yeni kitabı onun dünyaca məşhur olan "Hillbilly Elegy" (Kəndli elegiyası) adlı ilk avtobioqrafik əsərinin davamı xarakterini daşıyır. İlk kitabında ABŞ-ın sənaye tənəzzülünə uğramış bölgələrində keçən çətin uşaqlığından, yoxsulluq və ailə problemlərindən bəhs edən Vens, yeni əsərində mənəvi yüksəlişini və katolikliyi qəbul etmə prosesini təfərrüatları ilə qələmə alıb.

Cey Di Vens katolikliyi 2019-cu ildə, 35 yaşında rəsmən qəbul edib. O, 2025-ci ilin aprelində vəfatından bir neçə saat əvvəl Papa Fransisklə, daha sonra isə yeni seçilmiş Papa XIV Lev ilə görüşüb. Lakin Vensin dini prinsipləri siyasi məqsədlər, xüsusilə Tramp administrasiyasının sərt immiqrasiya siyasətinə bəraət qazandırmaq üçün şərh etməsi Vatikan tərəfindən tənqidlərlə qarşılanıb. Həmçinin, Vensin hinduist inancına sahib həyat yoldaşı Uşa Vensin xristianlığı qəbul etməsini arzuladığına dair verdiyi bəyanatlar da son vaxtlar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Vensin ilk kitabı olan "Hillbilly Elegy" 2020-ci ildə "Netflix" platforması tərəfindən eyniadlı filmə uyğunlaşdırılaraq böyük uğur qazanmışdı. Yeni kitabın da ABŞ-da qarşıdan gələn siyasi proseslər fonunda böyük maraq doğuracağı gözlənilir.

Mövzuya görə xəbərlər