BAKI, TurkicWorld, Orxan Qədirzadə
Çərşənbə axşamı İsrail müharibənin başlanğıcından bəri İran tərəfindən həyata keçirilən ən genişmiqyaslı raket hücumuna məruz qalıb.
TurkicWorld xəbər verir ki, İsrail mediasının və hərbi mənbələrin məlumatına görə, bu hücum dalğası istifadə olunan silahların növü və əhatə dairəsinə görə əvvəlkilərdən kəskin fərqlənib.
İsrail Ordu Radiosu xəbər verir ki, İran hərbi əməliyyatlar dövründə ilk dəfə olaraq İsrail istiqamətinə 10 ballistik raket atıb. Bu raketlərin əsas xüsusiyyəti onların kasetli döyüş başlıqları ilə təchiz olunmasıdır. Hava hücumundan müdafiə sistemləri raketlərin çoxunu zərərsizləşdirsə də, kasetli başlıqların qəlpələri geniş ərazilərə yayılaraq ciddi fəsadlar törədib. İsrailin mərkəzi hissəsində ən azı 8 fərqli nöqtədə raket qəlpələrinin düşdüyü və dumanların yüksəldiyi bildirilir.
Hücum zamanı Tel-Əviv, Netanya və Şaron bölgələri də daxil olmaqla, ölkənin iri şəhərlərində fasiləsiz həyəcan siqnalları verilib. İsrail Daxili Cəbhə Komandanlığı raket zərbələrinin bir neçə dəqiqə ərzində ardıcıl dalğalarla həyata keçirildiyini təsdiqləyib. Məlumata görə, 4 raket birbaşa Tel-Əviv şəhərini hədəf alıb və sakinlərin 20 dəqiqədən çox sığınacaqlarda qalması tələb olunub.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumun məsuliyyətini öz üzərinə götürərək, bunun "Gerçək Vəd 4" əməliyyatı çərçivəsində həyata keçirilən 89-cu zərbə dalğası olduğunu elan edib. Tehran hərbi obyektlərin və İsrail qüvvələrinin Eylat və Tel-Əvivdə hədəf alındığını bildirən görüntüləri paylaşıb.







