BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun ölkə ordusunun komandanı Rudolf Haykal ilə ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında əldə olunmuş çərçivə sazişinin icrası çərçivəsində ordunun üzərinə düşəcək vəzifələri müzakirə edib.
TurkicWorld xəbər verir ki, Livan Prezident Administrasiyasının yaydığı məlumata görə, görüş zamanı Rudolf Heykal Prezident Cozef Auna Türkiyə və Böyük Britaniyaya son səfərlərinin nəticələri barədə məlumat verib. Bildirilib ki, həmin səfərlər əsasən hərbi əməkdaşlığın inkişafına həsr olunub.
Tərəflər ölkədəki təhlükəsizlik vəziyyətini də nəzərdən keçirərək Livan, ABŞ və İsrail arasında aparılan danışıqların nəticələri, eləcə də müharibənin dayandırılmasına yönəlmiş çərçivə sazişi fonunda ordunun qarşıdakı missiyalarını müzakirə ediblər.
Xatırladaq ki, ötən cümə günü Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalayıblar. Saziş İsrail ordusunun işğal altında saxladığı Livan ərazilərindən mərhələli şəkildə çıxmasını nəzərdə tutur. Proses ilk mərhələdə ictimaiyyətə açıqlanmayan iki pilot ərazidən başlayacaq.
Sənəddə qoşunların çıxarılması üçün konkret vaxt müəyyən edilməyib. Bu proses Livan ordusunun boşaldılacaq ərazilərdə təhlükəsizliyə tam nəzarəti öz üzərinə götürməsi və silahlı qrupların tərksilah olunması ilə əlaqələndirilir.
Prezident Cozef Aun çıxışı zamanı Livan ordusunun komandanlığının, zabitlərinin və şəxsi heyətinin dövlət hakimiyyətinin möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin qorunması, sərhədlərin müdafiəsi və ölkədə vətəndaş həmrəyliyinin təmin edilməsindəki xidmətlərini yüksək qiymətləndirib.







