Son dəqiqə

İsrail İran Livan Tehran Hizbullah Beyrut

İran Livanın qərarına meydan oxuyur - Səfir Beyrutu tərk etməkdən imtina edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İran hökuməti Livan Xarici İşlər Nazirliyinin tələbinə baxmayaraq, öz səfirinin Beyrutdakı vəzifəsini icra etməyə davam edəcəyini bəyan edib.

TurkicWorld xəbər verir ki, rəsmi Tehran Livan tərəfindən "persona non grata" (arzuedilməz şəxs) elan edilən diplomatın ölkədən çıxarılması barədə göstərişə əməl etməyib.

Livan Xarici İşlər Nazirliyi keçən həftə səfir Məhəmməd Rza Şeybaninin akkreditasiyasını ləğv etdiyini və ondan martın 29-dək ölkəni tərk etməsini istədiyini açıqlamışdı. Rəsmi Beyrut bu qərarı səfirin Livanın daxili siyasətinə dair verdiyi bəyanatlarla diplomatik konvensiyaları pozması ilə əsaslandırıb. Lakin İran XİN-in sözçüsü İsmayıl Baqayi keçirdiyi mətbuat konfransında Şeybaninin müvafiq tərəflərlə aparılan müzakirələr nəticəsində Beyrutda qalaraq fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, bu diplomatik böhran "Hizbullah" və İsrail arasında gedən müharibə fonunda baş verir. Livanın Baş naziri Nəvaf Salamın administrasiyası "Hizbullah"ın İranı dəstəkləmək məqsədilə münaqişəyə girməsini kəskin tənqid edərək, qruplaşmanın hərbi qanadını qadağan edib. İsrailin xarici işlər naziri Gideon Saar isə baş verənlərə reaksiya verərək, İran səfirinin Livanın qərarına rişxənd etdiyini və bu ölkənin faktiki olaraq İran tərəfindən işğal olunduğunu iddia edib.

Mövzuya görə xəbərlər