BAKI, TurkicWorld, Orxan Qədirzadə
Bazar günü günorta saatlarında İran tərəfindən atılan ballistik raketlər İsrailin cənubundakı Birüs-Səbə şəhəri yaxınlığında yerləşən strateji kimya zavoduna düşüb.
TurkicWorld xəbər verir ki, İsrail mediasının məlumatına görə, birbaşa zərbə nəticəsində sənaye kompleksində güclü yanğın başlayıb.
İsrail radiosu hədəf alınan müəssisədə təhlükəli kimyəvi maddələrin olduğunu təsdiqləyib. Hadisə ilə əlaqədar hakimiyyət orqanları zavodun ətrafında təhlükəsizlik kordonu yaradıb və ehtiyat tədbiri olaraq yaxınlıqdakı sakinlərin təxliyəsinə qərar verib. İsrailin Ətraf Mühit Nazirliyi mütəxəssis qrupların mümkün sızmaları yoxlamaq üçün əraziyə göndərildiyini açıqlayıb. İsrail təcili yardım xidməti (Mada) hücum nəticəsində azı bir nəfərin yaralandığını bildirib.
KİV-in məlumatına görə, İran 30 dəqiqə ərzində ölkənin cənubuna (Dimona və Birüs-Səbə) və mərkəzi hissəsinə (Böyük Tel-Əviv) üç dalğa halında raket zərbələri endirib. Bu hücum, ötən həftənin cümə axşamı və cümə günləri İsrailin İranın dəmir-polad zavodlarına və digər həssas sənaye obyektlərinə təşkil etdiyi genişmiqyaslı hücumlara cavab olaraq qiymətləndirilir.







