Son dəqiqə

İsrail Livan Livan-İsrail münasibətləri İsrail Livan danışıqları İsrail-Livan münaqişəsi İsrail Livan əməliyyatları

Livan - İsrail danışıqlarının üçüncü raundu başlayır - Tərəflərə kimlər rəhbərlik edir?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Livan ilə İsrail arasında keçirilən danışıqların üçüncü raundu bu gün Vaşinqton şəhərində başlayır.

Danışıqlar regionda artan gərginlik və davam edən qarşıdurmalar fonunda keçirilir. Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İsrailin son hava hücumları nəticəsində 22 nəfər həyatını itirib. Ölənlər arasında 8 uşağın olduğu bildirilib.

TurkicWorld xəbər verir ki, Fransa mətbuat agentliyinə danışan livanlı rəsmi bildirib ki, Beyrut danışıqlarda əsas məqsəd kimi atəşkəsin möhkəmləndirilməsini ön plana çıxaracaq.

Rəsmi şəxsin sözlərinə görə, hazırda ən vacib məsələ “ölüm və dağıntılara son qoymaqdır”.

Məlumata əsasən, ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Tramp danışıqlarda iştirak etməyəcək.

Vasitəçilər arasında ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi də yer alacaq. Evangelist keşiş kimi tanınan Hakabinin İsrailin regional siyasətini dəstəklədiyi qeyd olunur.

Danışıqlarda vasitəçi qismində iştirak edəcək digər şəxs isə ABŞ-nin Livandakı səfiri Mişel İssa olacaq. Livan əsilli iş adamı olan İssanın Donald Trampla yaxın münasibətlərə malik olduğu bildirilir.

Livan nümayəndə heyətinə xüsusi nümayəndə Simon Kərəm rəhbərlik edəcək. Uzun illər diplomat və hüquqşünas kimi fəaliyyət göstərən Kərəm Livanın suverenliyini müdafiə edən mövqeyi ilə tanınır və daha əvvəl ölkəsinin Vaşinqtondakı səfiri olub.

İsrail nümayəndə heyətində isə ölkənin Vaşinqtondakı səfiri Yehiel Leyter yer alacaq. Leyterin İsrail baş naziri Benyamin Netanyahua yaxın şəxs olduğu və işğal altındakı İordan çayının qərb sahilində fəaliyyət göstərən məskunlaşma hərəkatı ilə əlaqələrinin olduğu bildirilir.

Ekspertlər hesab edirlər ki, Vaşinqton görüşləri regionda gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, davam edən hücumlar və qarşılıqlı ittihamlar səbəbindən tərəflər arasında razılığın əldə olunmasının çətin olacağı qeyd edilir.

Mövzuya görə xəbərlər