BAKI,TurkicWorld Yusif Şərifzadə
İran rəsmiləri Hörmüz boğazında vəziyyətin artıq əvvəlki qaydada davam etməyəcəyini bildirərək bölgədə yeni təhlükəsizlik və nəzarət mexanizmlərinin formalaşdığını açıqlayıblar.
TurkicWorld xəbər verir ki, İran rəsmilərinin açıqlamalarına əsasən, müharibə və ABŞ tərəfindən tətbiq edilən mühasirə fonunda Tehran Hörmüz boğazında “yeni vəziyyət”lə qarşı-qarşıya qaldığını bəyan edib.
Bildirilib ki, İran bu strateji dəniz keçidini milli suverenliyinin ayrılmaz hissəsi hesab edir və bölgədə öz hakimiyyət hüquqlarını həyata keçirir. Rəsmilər vurğulayıblar ki, Hörmüz boğazı ticarət gəmilərinin hərəkəti üçün açıq qalır. Bununla yanaşı, keçidlərin koordinasiya, xüsusi razılaşmalar və İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin nəzarəti altında həyata keçirildiyi qeyd olunub.
İranın xarici işlər naziri Abbas Əraqçi də bildirib ki, boğazdakı vəziyyət artıq müharibədən əvvəlki qaydaya geri qayıtmayacaq.
Məlumata görə, Tehran administrasiyasının bu açıqlamaları digər Körfəz ölkələri və ABŞ ilə mövcud yanaşma fərqlərini daha da dərinləşdirib. Ekspertlər hesab edirlər ki, Hörmüz boğazında formalaşan yeni vəziyyət qlobal enerji daşımaları və beynəlxalq dəniz ticarəti üçün əlavə geosiyasi risklər yarada bilər.







