BAKI, TurkicWorld, Orxan Qədirzadə
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) strateji alüminium müəssisələrinə raket və PUA hücumları təşkil etdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bazar günü yayılan rəsmi bəyanatda həmin obyektlərin ABŞ hərbçiləri ilə əlaqəli olduğu iddia edilib.
"Aluminium Bahrain" (Alba) şirkəti hücum nəticəsində iki əməkdaşının yaralandığını, BƏƏ-nin "Emirates Global Aluminium" (EGA) şirkəti isə Əbu-Dabidəki müəssisəsinə ciddi ziyan dəydiyini və 6 nəfərin xəsarət aldığını təsdiqləyib. SEPAH bu zərbələrin Körfəz ölkələrindəki ABŞ bazalarından İrana qarşı həyata keçirilən hücumlara cavab olduğunu bildirib. Ekspertlərin fikrincə, qlobal alüminium tədarükünün 4-9%-ni təmin edən bu regiondakı müəssisələrin vurulması dünya bazarında ciddi qıtlığa səbəb ola bilər.
Eyni zamanda, regionun digər ölkələrində də hərbi hərəkətlilik davam edir. Omanın Salalah limanına edilən hücumdan sonra Danimarkanın "Maersk" gəmiçilik şirkəti burada əməliyyatlarını dayandırıb. Səudiyyə Ərəbistanı son saatlarda 10 PUA-nı zərərsizləşdirdiyini, Küveyt Milli Qvardiyası isə 4 PUA-nı vurduğunu açıqlayıb.







