BAKI,TurkicWorld, Orxan Qədirzadə
Böyük Britaniya rəhbərliyi İran hərbi qüvvələrinin Hind okeanında yerləşən Dieqo-Qarsiya aviabazasına raket zərbələri endirmək cəhdini "təhlükəli və məsuliyyətsiz addım" adlandıraraq kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, rəsmi London ABŞ və Böyük Britaniyanın müştərək istifadəsində olan strateji bazaya yönəlmiş bu hücumun uğursuzluqla nəticələndiyini bəyan edib. Britaniya Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumatda qeyd olunur ki, İranın regionda gərginliyi artırması və Hörmüz boğazını "girov saxlaması" Britaniyanın maraqları, eləcə də müttəfiqləri üçün ciddi təhdid formalaşdırır.
Xəbərdə qeyd olunur ki, İrandan təxminən 4000 kilometr məsafədə yerləşən aviabazaya atılan raketlərin hədəfə nə dərəcədə yaxınlaşdığı barədə hələlik rəsmi təfərrüatlar açıqlanmır. Böyük Britaniya indiyədək ABŞ və İsrailin İrana qarşı birbaşa hərbi əməliyyatlarında iştirak etməsə də, Amerika bombardmançı təyyarələrinin İranın raket poliqonlarına zərbə endirməsi üçün öz bazalarından istifadəsinə icazə verib.
Rəsmi London cümə günü verdiyi bəyanatda ABŞ-ın strateji bombardmançı təyyarələrinin Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etmək məqsədilə Dieqo-Qarsiya daxil olmaqla, Britaniya bazalarından istifadə edə biləcəyini təsdiqləyib. Maraqlıdır ki, İranın sözügedən bazanı hədəf alması Britaniya hökumətinin bu rəsmi qərarından bir qədər əvvəl baş verib.






