Son dəqiqə

Livan Hizbullah Livan-İsrail münasibətləri Cozef Aun Livan Silahlı Qüvvələri Silahlı qruplar

Livan prezidenti ölkənin taleyüklü seçim qarşısında olduğunu bəyan etdi

BAKI,TurkicWorld Orxan Qədirzadə

Livan Prezidenti Cozef Aun ölkəsinin mühüm və taleyüklü mərhələdən keçdiyini bildirərək dövlətin silah üzərində tam nəzarəti təmin etməsinin vacibliyini vurğulayıb. Prezidentin sözlərinə görə, Livan ya qanunun aliliyinə əsaslanan suveren dövlət modelini möhkəmləndirməli, ya da silahlı qrupların təsiri altında qalmaq riskini davam etdirməlidir.

Dövlət başçısı bu fikirləri Livanın keçmiş nazirlərindən biri olmuş Toni Süleyman Frangiyənin qətlə yetirilməsinin 48-ci ildönümü münasibətilə yaydığı bəyanatda səsləndirib.

Cozef Aun bildirib ki, ölkə hazırda həlledici yol ayrıcındadır. Onun sözlərinə görə, Livan xalqı bütün silahlı qüvvələrin yalnız dövlətin nəzarəti altında fəaliyyət göstərdiyi, qanunun aliliyinin təmin olunduğu və vətəndaşların mənsubiyyətindən, siyasi baxışlarından və ya ictimai mövqeyindən asılı olmayaraq qorunduğu bir dövlət ətrafında birləşməlidir.

Prezident qeyd edib ki, alternativ yol ölkənin silahlı qruplaşmaların məntiqinə və ayrı-seçkilik siyasətinə bağlı qalması deməkdir ki, bu da Livanın gələcəyi üçün ciddi təhlükələr yaradır.

Dövlət başçısı milli birliyin ölkə üçün sadəcə siyasi seçim deyil, həyati əhəmiyyət daşıyan zərurət olduğunu vurğulayıb. O, bütün vətəndaşların azad və bərabər yaşadığı, insanların yalnız coğrafi sərhədlərlə deyil, eyni zamanda vətəndaşlıq dəyərləri, qanun və ədalət prinsipləri ilə birləşdiyi Livan qurmaq üçün fəaliyyətini davam etdirəcəyini bildirib.

Cozef Aunun açıqlamaları Livanda təhlükəsizlik və siyasi sabitliklə bağlı müzakirələrin davam etdiyi dövrə təsadüf edir. Hazırda İsrail ilə Livan arasında qüvvədə olan kövrək atəşkəs rejiminə baxmayaraq, bölgədə gərginlik tam aradan qalxmayıb.

Aprelin 17-də qüvvəyə minən atəşkəsdən sonra tərəflər arasında bir neçə dəfə ABŞ-nin vasitəçiliyi ilə danışıqlar keçirilib. Vaşinqtonda təşkil olunan görüşlərdə təhlükəsizlik məsələləri və sərhəd bölgələrində vəziyyət əsas müzakirə mövzularından biri olub.

Müşahidəçilər hesab edirlər ki, Livan rəhbərliyinin dövlət institutlarının gücləndirilməsi və ölkədə silahlı qüvvələr üzərində vahid nəzarətin təmin olunması ilə bağlı çağırışları qarşıdakı dövrdə ölkənin daxili siyasi gündəminin əsas istiqamətlərindən biri olacaq

Mövzuya görə xəbərlər