BAKI, TurkicWorld, Nailə Babazadə
Pakistan və Əfqanıstan arasında "Durand xətti" olaraq qəbul edilən sərhəd boyunca qarşılıqlı hərbi zərbələr davam edir.
TurkicWorld xəbər verir ki, Pakistanın İnformasiya naziri Attaullah Tarar sosial media hesabı vasitəsilə keçirilən əməliyyatlarda Əfqanıstan tərəfindən 133 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib. Tarar Kabil, Paktia və Kandaharda müəyyən edilmiş hədəflərin vurulduğunu, 27 mövqenin məhv edildiyini və 9 nöqtənin ələ keçirildiyini qeyd edib. Nazir həmçinin iki korpus və üç briqada qərargahı daxil olmaqla 80-dən çox nəqliyyat vasitəsinin sıradan çıxarıldığını iddia edib.
Pakistanın Müdafiə naziri Xavaca Məhəmməd Asif vəziyyətin kritik olduğunu və artıq diplomatiya mərhələsinin başa çatdığını bəyan edib. O, Talibanın Əfqanıstanı xarici güclərin təsiri altına saldığını və regionda barışa mane olduğunu vurğulayaraq, "Artıq aramızda açıq müharibə var" ifadəsini işlədib. Pakistan Daxili İşlər Nazirliyi isə ölkədəki son bombalı hücumlardan sonra sərhəd xəttində "terror düşərgəsi" olaraq xarakterizə edilən 7 nöqtənin hədəf alındığını rəsmən təsdiqləyib.
Əfqanıstan tərəfi isə Pakistanın iddialarını rədd edərək genişmiqyaslı əks-hücumların başladıldığını bildirib. Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid Durand xətti boyunca Pakistanın hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb. Sözçü müavini Həmdullah Fitratın verdiyi məlumata görə, əks-əməliyyatlar nəticəsində 55 Pakistan əsgəri öldürülüb, bir qərargah və 19 nəzarət məntəqəsi ələ keçirilib. Əfqanıstanın Qırmızı Aypara Cəmiyyəti isə Pakistanın hücumları nəticəsində aralarında mülki şəxslərin də olduğu 18 nəfərin həyatını itirdiyini bəyan edib. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır və hər iki tərəf təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb.







