BAKI,TurkicWorld, Orxan Qədirzadə
Rusiya Silahlı Qüvvələrinin Suriyanın şimal-şərqində yerləşən Qamışlı hava limanındakı hərbi mövcudluğunu mərhələli şəkildə azaltmağa başladığı bildirilir.
TurkicWorld xəbər verir ki, KİV-lərin beş suriyalı mənbəyə istinadən verdiyi məlumatlara görə, Rusiya 2019-cu ildən bəri Qamışlı hava limanında yerləşdirdiyi hərbi kontingenti geri çəkmək qərarı verib. Bu addım Dəməşq hökumətinin ölkənin şimal və şərq bölgələrində nəzarəti kürd silahlı qüvvələrindən geri almağa çalışdığı bir dövrə təsadüf edir.
Mənbələrin bildirdiyinə görə, geri çəkilmə prosesi ötən həftədən başlayıb. Rusiya hərbi personalının və ağır texnikasının bir hissəsinin Suriyanın qərbindəki Hmeymim Hava Bazası istiqamətində daşındığı, digər hissəsinin isə Rusiyaya qaytarılmasının planlaşdırıldığı qeyd olunur. Suriyanın qərb sahil bölgəsindəki təhlükəsizlik mənbələri son iki gün ərzində Qamışlıdan Hmeymimə doğru hərbi nəqliyyat vasitələrinin və ağır silahların daşındığını təsdiqləyib.
Bu ay ərzində Suriya Prezidenti Əhməd əş-Şəraa rəhbərliyindəki hökumət qüvvələri ölkənin şimal və şərqində geniş əraziləri Suriya Demokratik Qüvvələrindən geri alıb. Tərəflər arasında mövcud olan kövrək atəşkəs isə şənbə günü daha 15 gün müddətinə uzadılıb.
KİV-lərin müşahidələrinə görə, bazada Rusiya bayraqları hələ də dalğalanır və uçuş-enmə zolağında Rusiya nişanları olan iki hərbi təyyarə qalmaqdadır. Rusiya Müdafiə Nazirliyi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Rusiya mətbuatında yayılan məlumatlara əsasən, Dəməşq hakimiyyəti kürd qüvvələrinin bölgədən çıxarılmasından sonra Qamışlı bazasının boşaldılmasını Moskvadan istəyə bilər. Bununla belə, Rusiya Suriyanın Aralıq dənizi sahilində yerləşən Hmeymim hava bazası və Tartus dəniz bazasındakı mövcudluğunu qorumağı planlaşdırır.
Prezident Əhməd əş-Şəraa ötən il Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Dəməşq və Moskva arasında əvvəlki razılaşmalara sadiq qalacağını bəyan etmişdi. Bu mövqe Rusiyanın Suriyadakı əsas hərbi obyektlərinin təhlükəsizliyinin qorunacağına işarə kimi qiymətləndirilir.