BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Amerikalı aktrisa Ancelina Coli Misir və Qəzza zolağı arasındakı sərhəddəki "Rəfah" keçid məntəqəsinə humanitar missiya ilə baş çəkib.
TurkicWorld-un məlumatına görə, bu barədə Misirin "Al-Youm as-Sabia" informasiya portalı xəbər verib.
Məlumata əsasən, səfəri zamanı aktrisa Şimali Sinay qubernatoru Xalid Müqavir ilə görüşüb və onunla birlikdə Qəzza sakinləri üçün humanitar yardım ləvazimatlarının saxlanıldığı Misir Qızıl Aypara Cəmiyyətinin anbarlarına baxış keçirib.
A.Coli həmçinin Misirin Əl-Əriş şəhərində anklavdan təxliyə edilən və müalicə alan yaralı fələstinliləri də ziyarət edib. Aktrisa beynəlxalq ictimaiyyəti Qəzzaya yardım çatdırılmasını artırmağa çağırıb və Misirin Qəzzadakı fələstinlilərə kömək etmək səylərinə görə təşəkkür edib.







