Israel–Somaliland Recognition Sparks Regional Tensions Somaliland Dismisses Allegations on Gaza Palestinians Hargeisa Says Ties with Israel Are Purely Diplomatic Somaliland Rejects Claims of Israeli Military Deal İsrail-Somaliland münasibətləri regional gərginlik yaradır Fələstinlilərin köçürülməsi iddiasına Somalilanddan rəsmi cavab Somaliland: İsraillə əlaqələr yalnız diplomatik xarakter daşıyır Hargeisa İsraillə hərbi razılaşma xəbərlərini əsassız adlandırır Somaliland İsrail bazaları və fələstinlilərlə bağlı iddiaları təkzib edib

Somaliland İsrail bazalarının yerləşdirilməsi və fələstinlilərin köçürülməsi ilə bağlı iddiaları təkzib edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Somaliland İsrailin hərbi bazalarının öz ərazisində yerləşdirilməsi və Qəzzadan didərgin salınmış fələstinlilərin bölgəyə köçürülməsi ilə bağlı razılaşmanın əldə edilməsi barədə yayılan iddiaları rədd edib. Somaliland bu iddiaları əsassız adlandıraraq bildirib ki, İsraillə təmaslar yalnız diplomatik xarakter daşıyır və beynəlxalq hüquqa tam hörmət çərçivəsində aparılır.

TurkicWorld xəbər verir ki, açıqlama Somali Prezidenti Həsən Şeyx Mahmudun “Al Jazeera” telekanalına verdiyi açıqlamaya cavab olaraq səsləndirilib. Somali lideri iddia etmişdi ki, Somaliland İsraildən tanınma müqabilində üç şərti qəbul edib: fələstinlilərin yerləşdirilməsi, Ədən körfəzi sahilində İsrail hərbi bazasının yaradılması və İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim razılaşmalarına qoşulma.

Somaliland bildirib ki, bu mövzular üzrə hər hansı danışıqlar aparılmayıb. Bununla yanaşı, Somaliland İbrahim razılaşmalarına qoşulma məsələsinin açıq şəkildə təsdiqləndiyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın “Newsmax” media qurumuna müsahibəsində Somalilandın İbrahim razılaşmalarına qoşulacağını təsdiqləyərək, İsrailin “demokratik, mülayim və müsəlman ölkəsini dəstəkləmək istədiyini” bəyan edib.

Qeyd edək ki, İsrail ötən həftə Somalilandı müstəqil dövlət kimi tanıyıb. Bu addım Somali ərazisinin bir hissəsi hesab olunan bölgənin 1991-ci ildə birtərəfli müstəqillik elan etməsindən sonra beynəlxalq tanınma istiqamətində ilk rəsmi addım kimi qiymətləndirilir.

Somali tərəfi isə bu qərara kəskin etiraz edib. Prezident Həsən Şeyx Mahmud İsrailin tanınmasını “sadəcə diplomatik jest deyil, yüksək riskli strateji məqsədlərin ört-basdır edilməsi” kimi dəyərləndirib və bunun Qəzza probleminin Afrika Buynuzuna daşınması anlamına gəldiyini bildirib.

Bu addım Somalidə geniş ictimai narazılığa səbəb olub. Dekabrın 30-da paytaxt Moqadişu və bir sıra digər şəhərlərdə minlərlə insan etiraz aksiyalarına çıxıb.

Bundan əlavə, 50-dən çox ölkə İsrailin qərarını pisləyib, Afrika İttifaqı və Avropa İttifaqı isə Somalinin ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

Buna baxmayaraq, Somaliland rəhbəri Yeni il müraciətində yaxın dövrdə daha çox ölkənin “Somaliland Respublikasını” tanıyacağına ümid etdiyini bildirib.