BAKI, TurkicWorld, Nailə Babazadə
Çinin suverenlik mübahisəsi yaşadığı Tayvan ətrafında başladığı hərbi təlimlər ikinci günündə də davam edir.
TurkicWorld xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Şərq Cəbhəsi Komandanlığının sözçüsü, kapitan Li Si bildirib ki, komandanlığa tabe quru qoşunları səhər saatlarında adanın şimalında sulara yerləşdirilən hədəflərə qarşı uzunmənzilli atış təlimləri keçirib.
Komandanlıqdan verilən ayrı açıqlamada isə təlimlər çərçivəsində dəniz hədəflərinə qarşı hücum simulyasiyalarının, hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı müdafiə əməliyyatlarının icra ediləcəyi qeyd olunub.
Şərq Cəbhəsi Komandanlığı dünən Tayvan adasının şimal, cənub-qərb, cənub-şərq və şərq istiqamətlərində esmineslər, freqatlar, döyüş təyyarələri, bombardmançı təyyarələr və pilotsuz uçuş aparatlarının iştirak etdiyi genişmiqyaslı hərbi təlimlərə başlanıldığını açıqlamışdı.
“Ədalət Missiyası 2025” adlanan təlimlərin hava və dəniz döyüş hazırlığı patrulları, tam üstünlüyün ələ keçirilməsi, əsas liman və bölgələrin blokadaya alınması, həmçinin ada zəncirindən kənardan edilə biləcək müdaxilələrə qarşı tammiqyaslı caydırıcılıq məqsədi daşıdığı bildirilib.
Tayvanın qarşı sahilində yerləşən Çinin Futszyen əyalətinin sahil mühafizəsi də hərbi təlimlərlə eyni vaxtda Tayvan adası ətrafında “hüquq-mühafizə patrulu” həyata keçirdiyini açıqlayıb.







