BAKI, TurkicWorld, Orxan Qədirzadə
26 dekabr 2004-cü il müasir tarixdə ən ağır təbii fəlakətlərdən biri kimi qeydə alınıb. Həmin gün İndoneziyanın Sumatra adası sahillərində baş verən güclü zəlzələ Hind okeanı hövzəsində genişmiqyaslı sunamiyə səbəb olub və bir neçə ölkəni əhatə edən ciddi humanitar böhran yaradıb.
Zəlzələ yerli vaxtla saat 07:58-də, Sumatra adasından təxminən 260 kilometr qərbdə, okean dibi boyunca baş verib. Yeraltı təkanların gücü 9,3 bal olaraq ölçülüb və bu göstərici onu tarixdə qeydə alınmış ikinci ən güclü zəlzələ kimi xarakterizə edir. Təxminən 10 dəqiqə davam edən zəlzələ nəticəsində 750 kilometrlik sualtı fay xəttində ciddi yerdəyişmə baş verib və okean sularının kütləvi şəkildə yer dəyişməsi müşahidə olunub.
Mütəxəssislərin hesablamalarına əsasən, yaranan sunaminin enerjisi İkinci Dünya müharibəsi dövründə istifadə edilmiş bütün partlayıcıların ümumi enerjisindən daha yüksək olub.
Zəlzələdən 15 dəqiqə sonra sunami dalğaları Sumatra sahillərinə çatıb. Adanın şimalında yerləşən və sıx məskunlaşmış Aceh bölgəsində dalğaların hündürlüyü 80 metrə, bəzi ərazilərdə isə 100 metrə yaxın olub. Qısa müddət ərzində yaşayış məntəqələri tamamilə dağılıb.
İndoneziyada 130–160 min nəfərin həyatını itirdiyi, 500 mindən çox insanın isə evsiz qaldığı bildirilir. Ölənlərin əhəmiyyətli hissəsini uşaqlar təşkil edib.
Sunami dalğaları Hind okeanı boyunca yayılaraq digər ölkələrdə də ağır nəticələrə səbəb olub.
Şri-Lankada dalğalar zəlzələdən təxminən 90 dəqiqə sonra sahilə çatıb, 35 min nəfər ölüb, yarım milyona yaxın insan evsiz qalıb, Hindistanda təxminən 15 min nəfər həyatını itirib.
Dalğalar Cənubi Afrikaya qədər çataraq orada da iki nəfərin ölümünə səbəb olub.
Ümumilikdə, rəsmi məlumatlara görə 190 min nəfərin ölümü təsdiqlənib, 40–45 min nəfər isə itkin düşərək həlak olmuş hesab edilir.
Sunami sonrası beynəlxalq ictimaiyyət tərəfindən zərərçəkmiş bölgələrə genişmiqyaslı humanitar yardım göstərilib. İlk 18 ay ərzində təxminən 7 milyard ABŞ dolları həcmində yardım ayrılıb. Buna baxmayaraq, bir sıra ərazilərdə bərpa prosesi uzun müddət davam edib və sosial-iqtisadi problemlər həllini tapmayıb.
Qeyd olunur ki, bu hadisədən təxminən bir il əvvəl, 26 dekabr 2003-cü ildə İranda, Bam şəhərində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 30 min nəfər həyatını itirmişdi.
26 dekabr tarixi bu baxımdan təbii fəlakətlərin miqyasını və onların beynəlxalq təhlükəsizlik və humanitar sistemlər üçün yaratdığı çağırışları xatırladan gün kimi yadda qalır.




