BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsraildə İran mənşəli kiberhücumlar fonunda təhlükəsizlik və siyasi gündəm kəskinləşib. İsrailin Kibertəhlükəsizlik İdarəsi minlərlə vətəndaşa göndərilən şübhəli qısa mesajlarla bağlı xəbərdarlıq edərək, bu mesajların İran adına casusluq məqsədilə şəxslərin cəlb edilməsinə yönəldildiyini bildirib.
Qurumun açıqlamasına görə, son saatlarda İsraildə çoxsaylı telefon nömrələrinə ingilis dilində yazılmış mesajlar göndərilib. Mesajlarda alıcıların İran qurumları ilə əməkdaşlığa razı salınmağa çalışıldığı qeyd olunur. Rəsmi açıqlamada bunun qəsdən həyata keçirilən və cəmiyyətdə panika yaratmağa hesablanmış zərərli əməliyyat olduğu vurğulanıb.
Məlumata əsasən, mesajlarda İran tərəfinin alıcıya “kəşfiyyat işi” təklif etdiyi və maraqlanan şəxslərin ən yaxın İran diplomatik nümayəndəliyi ilə əlaqə saxlamasının istəndiyi bildirilib. İsrailin Kibertəhlükəsizlik İdarəsi mesajların İsrail nömrələrindən göndərildiyini, hədəflər arasında yüksək vəzifəli şəxslərin də ola biləcəyini açıqlayıb.
Qurum vətəndaşlara bu mesajlara cavab verməməyi, göndərən nömrələri bloklamağı, mesajları spam kimi işarələməyi və onların yayılmasının qarşısını almağı tövsiyə edib. Hadisə ilə bağlı araşdırmaların təhlükəsizlik strukturları ilə birgə davam etdiyi bildirilib.
Kiber təhlükəsizlik üzrə mütəxəssislər yayılan mesajların, İsrailin sabiq baş naziri Naftali Bennettin telefon məlumatlarının sızdırılması ilə əlaqəli ola biləcəyini istisna etmirlər. Qeyd olunur ki, bu cür məlumat sızmaları xüsusilə psixoloji və ya maliyyə baxımından həssas vəziyyətdə olan şəxslərin hədəfə alınması riskini artırır.
Xatırladaq ki, çərşənbə günü İranla əlaqəli bir haker qrupu Bennettə məxsus şəxsi telefon məlumatlarını ələ keçirdiyini açıqlayıb. Qrup 141 səhifəlik telefon qeydlərini, şəxsi yazışmaları və gizli danışıqları yayımladığını iddia edib.
İsrail mediasının məlumatına görə, bu hadisə Baş nazir Binyamin Netanyahunu siyasi rəqibi Bennettə qarşı açıqlama verməyə sövq etsə də, yaxın ətrafı onu bundan çəkindirib. Mənbələr bildirir ki, məsələ təhlükəsizlik baxımından daha dərin risklər daşıdığı üçün siyasi ritorikadan çəkinmək qərarı verilib.
Qeyd olunur ki, bundan beş il əvvəl Netanyahu seçki dövründə rəqibi Beni Qantsın telefonunun İran hakerləri tərəfindən ələ keçirildiyini iddia etmiş və bunu siyasi arqument kimi istifadə etmişdi.
Hadisədən sonra Bennett tərəfinin açıqlamaları da diqqət çəkib. Əvvəlcə iddialar təkzib olunub və telefonun istifadədə olmadığı bildirilib. Daha sonra cihazın sındırılmadığı açıqlanıb. Sonrakı bəyanatda isə Bennett məsələnin təhlükəsizlik qurumları tərəfindən araşdırıldığını təsdiqləyərək, bunun siyasi proseslərə təsir göstərmək məqsədi daşıya biləcəyini bildirib.
Bennett qeyd edib ki, telefon deyil, “Telegram” hesabı müxtəlif üsullarla ələ keçirilib və sızdırılan məlumatların bir hissəsi real, bir hissəsi isə saxtadır.
Özünü İranın kəşfiyyat strukturları ilə əlaqəli təqdim edən “Handala” adlı haker qrupu Bennettlə bağlı istehzalı açıqlama yayımlayıb. Qrup bəyan edib ki, “kibertəhlükəsizlikdə lider olduğunu iddia edən bir şəxsin şəxsi məlumatlarının asanlıqla ələ keçirilməsi ciddi suallar doğurur”.