BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
ABŞ Prezidenti Donald Tramp Meksikanın su təchizatı ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün bu ölkəyə qarşı 5 faiz rüsum tətbiq edəcəyini bəyan edib.
TurkicWorld xəbər verir ki, Amerika lideri bunu "Truth Social" hesabında yazıb.
"Hazırda Meksika ABŞ-nin sorğularına cavab vermir və bu, suya ciddi ehtiyacı olan amerikalı fermerlər üçün ədalətsizlikdir. Buna görə də əgər su dərhal təmin olunmasa, Meksikaya 5 faizlik tarif tətbiq etməyə imkan verən sənədləri hazırlamışam", – Tramp bildirib.
"The Washington Post" daha əvvəl yazmışdı ki, Meksika özünün də quraqlıqla üzləşdiyi üçün uzun illərdir müqavilə şərtlərini pozaraq "ABŞ-yə su tədarükünə müqavimət göstərir".
Qeyd edək ki, 1944-cü il müqaviləsinə əsasən, Meksika hər beş ildən bir ABŞ-yə Rio-Qrande hövzəsindən təxminən 2,2 milyard kubmetr su ötürməli, ABŞ isə bunun əvəzində Kolorado çayından 1,8 milyard kubmetr suyu Meksikaya yönəltməli idi.







