BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranı Vaşinqtonla danışıqlardan yayınmaqda ittiham edərək, Tehranın qarşısında yalnız iki seçimin qaldığını bildirib: razılaşma və ya tam təslim olmaq.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib.
ABŞ Prezidenti iddia edib ki, İran rəhbərliyi görüş keçirmək istəsə də, eyni zamanda ictimaiyyət qarşısında ABŞ ilə heç bir danışıq aparmadığını bəyan edir və yalnız Omanla təmasda olduğunu bildirir.
Tramp paylaşımında İran rəsmilərini ziddiyyətli mövqe tutmaqda ittiham edib.
O, həmçinin Hörmüz boğazına toxunaraq bildirib ki, bu su yoluna ABŞ Hərbi Dəniz Qüvvələri nəzarət edir və Vaşinqtonun razılığı olmadan İrana heç nəyin keçməsinə imkan verilməyəcəyini iddia edib.
ABŞ Prezidenti əlavə edib ki, İranın qarşısında "razılaşma" və ya "tam təslim olma" seçimi var. Onun sözlərinə görə, Vaşinqton İranın uzun illərdir davam edən nüvə proqramı ilə bağlı problemi həll etməyə çalışır.
Tramp paylaşımını "İran heç vaxt nüvə silahına malik olmayacaq" ifadəsi ilə yekunlaşdırıb.







