BAKI, TurkicWorld
OpenAI-dən təhlükəsizlik yeniliyi- Tərtibatçılar üçün şəxsiyyət yoxlaması məcburi ola bilər.
TurkicWorld xəbər verir ki, OpenAI süni intellekt alətlərindən istifadə edən tərtibatçılar üçün “Verified Organisation” (Təsdiqlənmiş Təşkilat) statusunu məcburi etmək üçün hazırlıqlara başlayıb.
Şirkətin saytında qeyd olunub ki, bu təşəbbüs süni intellektdən məsuliyyətli və təhlükəsiz istifadəni təmin etmək məqsədi daşıyır.
Yeni sistem çərçivəsində yalnız dövlət tərəfindən verilmiş etibarlı şəxsiyyət vəsiqəsi təqdim edən və dəstəklənən ölkələrdən birində fəaliyyət göstərən təşkilatlar bu statusu əldə edə biləcəklər. Bir şəxsiyyət vəsiqəsi 90 gündə yalnız bir təşkilat üçün istifadə oluna bilər.
OpenAI qeyd edir ki, bütün təşkilatlar avtomatik olaraq bu statusa uyğun hesab edilməyəcək və uyğunluq müəyyən meyarlar əsasında qiymətləndiriləcək.
Şirkət bildirir ki, bəzi tərtibatçılar OpenAI API-lərindən istifadə qaydalarını pozaraq sistemlərdən sui-istifadə edirlər. Yeni autentifikasiya sistemi bu cür halların qarşısını almaq üçün tətbiq olunacaq.
OpenAI həmçinin bu addımın dezinformasiya istehsalı, müəllif hüquqları pozuntuları və xarici müdaxilələr kimi riskləri azaltmaq üçün vacib olduğunu vurğulayıb.
TechCrunch və Tech Times-ın məlumatlarına görə, bu sistem həm də dövlət dəstəyi ilə həyata keçirilən kiberhücumların və platformadan qanunsuz istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Şirkət daha əvvəl Şimali Koreya, Rusiya və Çinlə əlaqəli qrupların platformadan qeyri-qanuni istifadə cəhdlərinə görə bəzi bölgələr üçün girişin məhdudlaşdırıldığını açıqlamışdı.
Qeyd edək ki, sistemin tam olaraq nə vaxt tətbiq olunacağı açıqlanmasa da, gələcəkdə qabaqcıl modellərə girişin yalnız yoxlamadan keçmiş təşkilatlar üçün mümkün olacağı gözlənilir.