Bakı, TurkicWorld
Fələstin prezidenti Mahmud Abbas beynəlxalq ictimaiyyəti İsrailin Qəzzaya qarşı hücumlarını dayandırması və fələstinlilərin məcburi köçürülməsinin qarşısını almaq üçün təzyiq göstərməyə çağırıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Abbas bu çağırışı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə Ramallahda görüşü zamanı səsləndirib.
“Beynəlxalq ictimaiyyət İsrailin Qəzza zolağında xalqımıza qarşı həyata keçirdiyi soyqırımı dayandırmaq üçün təzyiq göstərməlidir”, – deyə Abbas bildirib.
Fələstin lideri həmçinin davamlı atəşkəsin zəruriliyini və humanitar yardımların Qəzzaya maneəsiz çatdırılması üçün sərhəd qapılarının açılmasının vacibliyini vurğulayıb.
Abbas qeyd edib ki, Fələstin Administrasiyası İsrailin Qəzzanı tamamilə tərk etməsi və bölgənin yenidən qurulması çərçivəsində Qəzzaya görə məsuliyyəti öz üzərinə götürməlidir.
İsrailin İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlara toxunan Abbas, xüsusilə şimal bölgələrində infrastruktur və yaşayış yerlərinin hədəf alındığını, fələstinlilərin isə köç etməyə məcbur edildiyini bildirib.
Fələstin lideri beynəlxalq ictimaiyyəti İsrailin bu hücumlarını dayandırmaq üçün konkret addımlar atmağa çağırıb. O vurğulayıb ki, Fələstin torpaqlarının qəsb edilməsi dayandırılmalı və İsrail tərəfindən beynəlxalq hüquqa zidd olaraq müsadirə edilən Fələstinin vergi fondlarının ələ keçirilməsinə son qoyulmalıdır.