BAKI, TurkicWorld
ABŞ prezidenti Donald Trampın Qəzzadakı fələstinliləri zorla köçürmək planı ölkə daxilində praktiki hesab edilmir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Mike Waltz verdiyi açıqlamada Trampın bu planını "çox praktiki olmayan bir fikir" adlandırıb. Onun sözlərinə görə, Tramp Qəzzadakı dağıntıların miqyasını nəzərə alaraq, bölgədəki iki milyon insanın uzun illər ərzində necə yaşaya biləcəyini düşünür.
Waltz bildirib ki, bəzi fələstinlilər uyğun şərait yarandığı təqdirdə Qəzzanı tərk etməyə meyilli ola bilərlər.
Xatırladaq ki, fevral ayında Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Tramp fələstinlilərin Misir və İordaniyaya deportasiya olunmasını təklif etmişdi. Lakin bölgə ölkələrinin sərt reaksiyası və Qəzza əhalisinin öz torpaqlarını tərk etməmək israrı nəticəsində ABŞ prezidenti bu plandan geri çəkildiyini açıqlayıb.
Qeyd edək ki, İsrailin Qəzzaya hücumları nəticəsində bölgədə genişmiqyaslı dağıntılar baş verib və minlərlə insan həyatını itirib. Fələstin xalqı isə bütün çətinliklərə baxmayaraq, öz torpaqlarında qalmaqda israr edir.