BAKI, TurkicWorld
Kanadanın baş naziri Mark Karni, ölkəsinə layiq olduğu hörmət göstərilməyincə ABŞ Prezidenti Donald Trampla tam miqyaslı danışıqlar aparılmayacağını bildirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , Karni bu fikirləri paytaxt Ottavada əyalət liderləri ilə görüş zamanı səsləndirib.
O, Kanadanın suveren bir dövlət olaraq hörmət tələb etməsinin qeyri-adi bir istək olmadığını vurğulayıb. Baş nazir, Tramp administrasiyası ilə yalnız qarşılıqlı hörmət əsasında müzakirələrin mümkün olduğunu qeyd edib. Bundan əlavə, Karni, Trampın ticarət siyasətinin amerikalılara da mənfi təsir edəcəyini iddia edib.
Qeyd edək ki, ABŞ martın 4-dən etibarən Kanada və Meksikadan idxal olunan məhsullara 25 faizlik əlavə rüsum tətbiq etməyə başlayıb. Bunun cavabında Ontario əyalətinin baş naziri Duq Ford ABŞ-a verilən elektrik enerjisinə 25 faiz rüsum tətbiq edəcəklərini bəyan edib. Ağ Ev isə bu addımın ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.