Bakı, TurkicWorld
Avropa İttifaqı (Aİ) bəyan edib ki, Ukrayna Rusiya ilə sülh danışıqlarına güclü təhlükəsizlik təminatları ilə qatılmalıdır.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Parisdə keçirilən fövqəladə zirvə toplantısından sonra Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta bu mövqeni sosial media vasitəsilə paylaşıblar.
Paylaşımda bildirilib ki, Ukraynada Sülh müstəqillik, suverenlik və ərazi bütövlüyünü təmin etməlidir. Ukrayna güclü mövqedə danışıqlara getməlidir və Avropa Ukraynaya hərbi yardımı davam etdirmək üçün müdafiə investisiyalarını artırmalıdır.
Zirvədə iştirak edən digər ölkələr arasında Almaniya , İngiltərə, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka yer alır.
Toplantıda ABŞ-da Donald Tramp administrasiyası tərəfindən gündəmə gətirilən və Avropanın kənarda qaldığı sülh danışıqları da müzakirə edilib.
NATO baş katibi Mark Rutte də sammitdə iştirak edib.