Bakı, TurkicWorld
Meta şirkətinin qurucusu və baş direktoru Mark Zukerberq ABŞ Prezidenti Co Bayden administrasiyasını sosial media platformalarında pandemiya ilə bağlı məlumatlara senzura tətbiq etməkdə ittiham edib.
TurkicWorld xəbər verir ki , Zukerberq bildirib ki, pandemiya dövründə peyvənd kampaniyası ilə bağlı məlumatların nəzarətdə saxlanılması üçün administrasiya təzyiq göstərib.
"Bayden administrasiyasından olan şəxslər komandamıza zəng edərək qışqırır, bizi təhqir edirdilər. Onlar bəzi məzmunların silinməsi üçün təzyiq göstərirdilər. Bizdən peyvəndlərin yan təsirləri barədə yazıları məhdudlaşdırmağımızı tələb edirdilər." - deyə o bildirib.
Zukerberq eyni zamanda bildirib ki, administrasiya yalnız yanlış məlumatlara deyil, hətta dəqiq və elmi məzmunlara da senzura tətbiq etmək istəyib.
Zukerberq qeyd edib ki, Bayden administrasiyasının təzyiqi ABŞ prezidentinin 2021-ci ildə etdiyi sərt açıqlamadan sonra daha da artıb. Həmin vaxt Bayden Meta şirkətini pandemiya dövründə yayılan yalan məlumatlara görə ittiham etmiş və "Bunlar insanları öldürür" demişdi.
Meta-nın baş direktoru vurğulayıb ki, onun rəhbərlik etdiyi şirkət söz azadlığını müdafiə etməyə çalışıb və səhv məlumatların qarşısını almaq üçün balanslı siyasət izləyib. Lakin administrasiyanın tələblərinin sərhədləri aşdığını deyən Zukerberq belə halların söz azadlığını məhdudlaşdırdığını bildirib.