Son dəqiqə

Livan

Livan Parlamenti prezident seçkiləri ilə bağlı iclas keçirir

Bakı, TurkicWorld

Livan parlamenti bu gün ölkədə iki ildən artıq davam edən prezident boşluğuna son qoymaq məqsədilə prezident seçkiləri üçün iclas keçirir.

TurkicWorld xəbər verir ki , sessiya, xüsusilə bölgədəki geosiyasi dəyişikliklər fonunda baş tutur.

Seçkilər, Livanda güclü nüfuza malik Hizbullahın dağıdıcı müharibə və Suriyada Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində zəiflədiyi bir dövrdə keçirilir.

Belə ki, uzun müddətdir davam edən siyasi böhran və rəhbərlikdəki boşluq, ölkəni iqtisadi çöküş, sosial narazılıqlar və idarəetmə problemləri ilə üz-üzə qoymuşdu.

Livanlı siyasi mənbələrə görə, son saatlarda ölkənin ordu komandanı general Cozef Aunun prezidentlik üçün ən güclü namizəd olduğu vurğulanır. Aun, daxildə siyasi dəstək qazandığı kimi, bir sıra regional və beynəlxalq ölkələrin, xüsusilə də ABŞ-ın dəstəyini də arxasında görür.

General Cozef Aun, ordunun ölkədəki sabitlik üçün əsas dayaqlardan biri olduğunu vurğulayan siyasətçilərin də diqqətindədir.

Prezident seçkiləri, Livanın 2019-cu ildən bəri yaşadığı dərin iqtisadi böhran, sosial gərginlik və siyasi çıxılmaz vəziyyətin sonu ola biləcəyi ilə bağlı ümid yaradıb. Çünki, prezident postunun boş qalması, ölkədə hökumət formalaşdırma və beynəlxalq yardımları qəbul etmə proseslərini də ləngidirdi.

Mövzuya görə xəbərlər